H.Z. Tagiyevin töhfələri

Dünya mədəniyyəti xəzinəsinə gözəl
nümunələr bəxş edən Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir. Hacı Zeynalabdin Tağıyevin abidəsinin
ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq
Sərəncam 2020-ci ildə imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan
edilmişdir və xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə
qalib gəlmişdir. Nəhayət yanvar ayının 18-də heykəlin
açılışı olmuşdur. Hacı Zeynalabdin Tağıyevin İçəri Şəhərdə
qoyulan heykəlindən ilhamlanaraq qərara gəldim məhz onun ev-muzeyi yəni Milli Tarix
muzeyi haqqında məqalə yazım.
Azərbaycanın
yerli neft milyonçuları arasında ən məşhuru, sadə xalqın həyatında böyük rol
oynayan və böyük irsə malik olanı Hacı Zeynalabdin Tağıyev olub.
Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur
neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi
sarayda fəaliyyət göstərir. 2004-2007-ci
illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və
dəstəyi ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir tələblər
səviyyəsində bərpa və təmir olundu və bu binada indi H.Z.Tağıyevin ev muzeyi də
fəaliyyət göstərir. Muzeydə qədim zamanlardan başlayaraq bu
günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponat qorunub saxlanılır.
Muzeyin birinci mərtəbəsinin ekspozisiyasında daş dövrünün primitiv icmaları (2
milyon il əvvəl), tunc və dəmir dövrləri (6 yüz min il əvvəl), qədim və yaxın
orta əsrlər dövrü (e.ə. IX əsrdən XII əsrə qədər), XII-XV əsr Azərbaycan
mədəniyyəti, XVI-XVII əsr Azərbaycan elmi və xalq təsərrüfatı ilə bağlı
məlumatlar sərgilənir.
II mərtəbənin sərgisində XVII əsrin sonu XIX əsrin əvvəlləri,
Rusiyanın Azərbaycanı işğalının əvvəli – 1801-1813-cü illər və sonu
— 1826-1828-ci illər haqqında, Şimali Azərbaycan (1830-1870), XIX əsr ağac
emalı, xalça işi və ipək istehsalı, ticarət, iqtisadiyyatın, elmin, təhsilin və
mədəni həyatın inkişafı, eyni zamanda yayılmış inanclar, adətlər, I Dünya
müharibəsində ölkənin vəziyyəti, 1918-ci il soyqırımı və müasir dövrdə ölkənin
siyasi-hərbi vəziyyəti öz əksini tapıb.
Muzey 9
otaqdan ibarətdir: Hacı Zeynalabdin Tağıyevin otağı, şərq üslublu qonaq otağı,
kitabxana, bilyard otağı, yemək otağı, buduar, yataq otağı və geyim otağı.
Burada orijinal mebel və Tağıyevin şəxsi əşyalarını görə bilərsiniz.
Muzeydə saxlanılan Qurani-Kərimi kitabı və
həmçinin muzeyinin divardlarında əks olunan Quran ayələri da çox diqqət çəkir.
Heç bilirdiniz mi, ki Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə
tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. İlk
dəfə olaraq "Qurani-Kərim" Azərbaycan dilinə tərcümə edilmişdir. Onun
təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa
edilmiş və təmir olunmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə
məhdudlaşmırdı. Həmçinin, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda
azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər
açılmışdır.
Ölkənin hər yerində xeyriyyə məqsədi ilə
bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu
cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə
Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu
oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı
və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə
Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan
"Kaspi" qəzeti dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin
layihəsi əsasında onun tərəfindən tikilən pasaj bu gün də şəhərin ən yaxşı
ticarət mərkəzlərindən biridir.
Tagiyev
çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və
sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi
yox, məhz xeyriyyəçi kimi qalmışdır. Onun təşəbbüsü ilə Azərbaycanda bir
çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya
təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su
kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz
içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz
vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə
Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir,
azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Müsəlman
aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin
vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. 1901-ci il oktyabrın 7-də və Tagiyevin bir neçə il davam edən səyləri nəticəsində
Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayıb. Nəticədə
qızlarımızın təhsil alması, cəmiyyətdə gender bərabərliyinin, qadınların
iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələlərdə inkişafı
baxımından Tagiyevin əsas töhfələrindən biri hesab olunur. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin
dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil
verməklə təhsilli bir ailə qazanmış oluruq.
Bakıda tramvay xətlərinin açılması da
Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə
verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev
olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə
bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb,
amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun
mütərəqqi fikirdə olmasından xəbər verir.
Bu muzeyə bizim turlarımızdan birinə qatılıb daha ətraflı məlumat ala bilərsiniz: