“Suraxanı” tanker muzeyi

“Suraxanı” tanker muzeyi
Bilirdiniz mi? 1877-ci ildə Lüdviq Nobelin
sifarişi ilə İsveçin Motala şəhərində dünyada ilk neft daşıyan “Zoroastr”
(Zərdüşt) polad gövdəli buxar gəmisi tikilib. Sonrakı illərdə “ilk dəfə
Bakıda” ifadəsi dünya neft-qaz sənayesi tarixinin xronologiyasını müşayiət
edirdi. Belə ki, 1872-ci ildə Nobel qardaşları Bakıda “Branobel” adlı ilk
neft şirkətini təsis etdilər. Tez bir zamanda burada həm də ilk neftayırma
zavodu inşa edildi. Bundan bir az əvvəl, yəni 1877-ci ildə “Zoroastr”
(“Zərdüşt”) adını daşıyan ilk neft tankeri suya buraxıldı.
Muzey qismində “Suraxanı” tankerinin
seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir
tankerlərdən biri olub. Bir zamanlar Xəzərdə üzən "Suraxanı" gəmisi
dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma
tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4 696 ton olan
“Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis
A.Pustoşkin” tipli gəmidən biridir. Idarə heyətinin cəmi 32 nəfərdən ibarət işçi qüvvəsi var idi.
Gəmi muzeyi bir neçə zallardan ibarətdir.
Ən favoritlərim “Naviqasiya və kommunikasiya” və “Gəmilər və Gəmiçilik” zalı
oldu. Bu otaqların bir çox özəllikləri var. Məsələn “Naviqasiya və kommunikasiya”
zalında ziyarətçilər gəmiçilikdə istifadə edilən günümüzə çatmış qədim və orta
əsrlərə aid müxtəlif eksponatlarla, dünyaca üç məşhur dəniz mayakının modelləri
ilə tanış olmaq imkanı qazanacaqlar. Burada xüsusi interaktivdən istifadə
etməklə Morze əlifbası vasitəsilə məlumat ötürmək də mümkündür. “Suraxanı”
gəmi-muzeyi üçün yaradılmış naviqasiya masasında isə qonaqlar Xəzərdə üzən gəmilərin
marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə
edəcəklər. Eyni zamanda zalda siqnal bayraqları və onların funksiyasının geniş
auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi”
yaradılıb. Özünüz də sınaya bilərsiniz.
Siz heç muzeydə oyun oynamısınız? Xüsusi
olaraq "Suraxanı" tanker-muzeyi üçün istehsal olunan bu oyunlarla
gəmini idarə etmək, tankerə yükü doldurmaq, yanalma əməliyyatını həyata
keçirtmək, Morze əlifbası ilə yazışmaq, bayraqlarla müəyyən işarələr vermək
mümkündür.
“Gəmilər və Gəmiçilik” zalında “Suraxanı”
gəmisinin uzunluğu 5 metrə çatan ən xırda detallarına qədər dəqiq əks olunan
modeli sərgilənir. Burada həmçinin bu tip gəmilər haqqında məlumatlar
yerləşdirilib. Zalda nümayiş olunan videoda isə gəmi-muzeyin yaradılmasını,
yerinə yetirilən təmir və yenidənqurma işlərinin miqyasını anbaan əks etdirən
qeyri-adi kadrları görmək mümkündür. Bu zalda müasir Azərbaycanın, həmçinin
dünyanın ən böyük gəmilərinin və kruiz laynerlərin modelləri də sərgilənir.
ASCO-nun ictimaiyyətlə əlaqələr
departamentinin rəis müavini Tural İbrahimov sözlərinə görə öncələr
gəminin otaq kimi istifadə olunan hissələrində hazırda eksponatlar saxlanılır:
"Burada həmçinin dünyada və Azərbaycanda ən məşhur olan gəmilərin də
maketləri var. Bu maketlərlə həmin gəmilərin orijinal görüntüsü arasında heç
bir fərq yoxdur. Siz dünyanın ən nadir, eyni zamanda da XVI-XVII-ci əsrə aid
eksponatlarını muzeyimizdə görə bilərsiniz".
Bu muzey həm böyüklər həm balacalar üçün
çox maraqlıdır. "Konteyner Teatr" adlanan hissə sırf uşaqlar üçün
nəzərdə tutulub. Onlar burada iri qəhvə kisələrinin üzərində oturaraq
konteynerlərin daşınma prosesini izləyə bilərlər. Uşaqların xüsusi oyuncaqlar
vasitəsilə konteynerlərin iş prosesini praktiki olaraq mənimsələrinə imkan
yaradılıb.
Mənim üçün ilk dəfə olaraq burada həm də
zaman maşını ilə tarixə yazılmış hadisələri videoformatında izləmək mümkün
oldu. Ən maraqlı güşələrdən biri də Vətən müharibəsinə həsr olunan
"Qarabağ" guşəsidir. Ekranda 44 günlük müharibənin hər hansı bir
tarixinin üzərində toxunuş etməklə həmin gündə baş verən hadisələrin
xronologiyasını izləmək mümkündür. Eyni məlumatlar videoformatda da təqdim
edilib. İkinci Qarabağ savaşının ən önəmli tarixi olan 8 Noyabr üzərində
toxunuş edirik. Qarşımızda isə bunlar canlanır: erməni vandalizmi,
döyüşçülərimizin qəhrəmanlığı və Şuşanın işğaldan azad olunması görüntüləri.
Unikallığını əks etdirən “Suraxanı”
gəmisinin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya
və radio otaqları da illər öncəki orjinal vəziyyətinə uyğun rekonstruksiya
edilib. Burada tankerin idarə olunması və XX əsrin ortalarına aid bütün
avadanlıqları görmək mümkündür.
Tanker-muzeyi
həqiqətən çox canlıdır. Həm girişdə burada işləyən işçilərin monitorlarda
çıxışı həm də malakofauna, mərcanların və digər flora və fauna nümunələri
bura daxil olan hər zbir ziyarətçi ilə canlı ünsiyyət bağını yaradır. Okean və
dənizlərdən yığılan kolleksiya ziyarətçilərin böyük marağına səbəb olacaq.
Virtual 3D formatında səyahət. Azərbaycanda ilk
olan unikal 360 dərəcəli ekranla ziyarətçilər nümayiş olunan videoda baş
verənlərin birbaşa “iştirakçısı”na çevriləcəklər. Bununla da, qonaqlar Odlar
yurdunun qədim və müasir tarixi ilə qeyri-adi formada tanış ola biləcəklər. Zamana
səyahət maşını ilə keçmişə də səyahət edə bilərsiniz. Video zaldan çıxışda isə
qonaqları XVIII-XX əsrlərə aid gəmiçiliklə bağlı unikal eksponatlara toxunmaq
fürsəti gözləyir.
“Suraxanı” tankerinin muzeyə çevrilməsi
üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan
ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin
beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu
xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə
edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada
Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada
ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından
olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri,
gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından
tanışlıq imkanı qazanacaqlar
Muzeyin ərazisində restoran da fəaliyyət
göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış
təamlardan dadmaq mümkündür.
Dünyada ilk tanker-muzeyin Bakıda
fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə
Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli
əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi
qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə
gələcəyi arasında körpü rolunu oynayır.